No Image
No Image

Məmur problemi hər yerdə var - Millət vəkili ilə müsahibə

Məmur problemi hər yerdə var - Millət vəkili ilə müsahibə
Dünyada hələ də davam edən COVİD- 19 pandemiyası dünya iqtisadiyyatına zərbə vurmaqda davam edir. İqtisadiyyata dəyən ziyan Azərbaycandan da yan keçməyib. Bu prosesin nə qədər davam edəcəyini  hələ heç kim bilmir. Hazırda Azərbaycan iqtisadiyyatının durumunu Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyevlə müzakirə etdik. O, deputat seçilməmişdən əvvəlki şəxsi biznesi ilə bağlı cəmiyyətdə tez-tez yaranan sualları da cavablandırdı: 
 
- Rəsmi statistikaya görə, Azərbaycanın ixracı hələ də neftdən asılıdır. Problem və ya boşluq hardadır ki, hələ də qeyri-neft sektoru neft sektorunu nəinki  üstələmir, hətta çata belə bilmir?

- Azərbaycan bir əsrdən artıqdır ki, neft ölkəsidir.  Yəni bizim iqtisadiyyatımız ənənəvi olaraq neft "relsləri” üzərində qurulub. İndi mən qarşılıqlı sual verim. Dünya praktikasında neftdən asılı  ölkələrin ondan asılılığını aradan qaldırmaları neçə il çəkib? Bu proses dərhal baş verirmi?  Birləşmiş Ərəb Əmirlikləri – Dubay gözümüz önündə olan nümunədir. Neftdən asılılıq necə aradan qaldırılır? Qeyri-neft sahələri yaratmaqla. Bizim halda bu, kənd təsərrüfatı, turizm və s ola bilir.  Bu sferaları faktiki olaraq yenidən yaradıb onlardan xeyir götürmək o qədərmi asandır? Qısa müddətdə hökumət bu mütənasibliyi dəyişməyə nail olub. Əminəm ki, tarazlıq, hətta qeyri-neft sferasının çəkisinin daha ağır olacağı tarix uzaqda deyil. Son illər Azərbaycan kənd təssərrüfatı məhsulları ilə çox məşhurlaşıb. Artıq bizim məhsullar xaricdə satılır. Bu məsələyə çox böyük diqqət yetirmək lazımdır. Azərbaycan iqtisadiyyatı qeyri neft sektoru üzrə 2019, 2020 və 2021 –ci illərdə belə  30% civarında müsbət nəticələr əldə edib. Bu böyük bir uğurdu. 
 
- İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin  birinci rübün nəticələrinə dair hesabatına görə, Azərbaycanın pomidor ixracı azalıb. Bunun səbəbi sizcə nə ilə bağlıdır?

- Əsas səbəb təbii ki, pandemiyanın törətdiyi fəsadlardır. İqtisadiyyatlar çöküb, dövlətlərin maliyyə imkanları azalıb, vətəndaşların alıcılıq qabiliyyəti aşağı düşüb, get-gəl həmişəki kimi intensiv deyil, yəni logistika problemi var. Yoxsa nə pomidorumuz dadını itirib, nə də onu yetişdirmək qabiliyyətini itirmişik.
Digər tərəfdən isə qlobal iqtisadi böhranda dövlətlər daxili istehsal prosesinə diqqət yetirməyə başlayıblar, kapitalın xaricə axınını azaltmaq istəyirlər, daxili bazarlarını özləri təmin etməyə çalışırlar.Həm də artıq dövlətlər öz ölkələrində təhlil mərkəzləri yaradırlar. COVİD-19 pandemiyasından sonra qidalara daha çox diqqət ayırırlar. Nəticədə xaricə gedən bütün məhsullar üçün analizlər götürülür və sertifikatlar tələb olunur. Güman ki, əsas səbəblər bunlardır.
 
Məsələn, əsas alıcımız Rusiyadır, o da bu yaxınlarda Azərbaycanın 35 şirkətinə bu ölkəyə pomidor ixrac etmək üçün icazə verdi. Daha sonra İngiltərə bizim "Azərsun” Holdinqlə müqavilə bağlayıb, məhsullarımız 2020-ci ldən İngiltərəyə ixrac edilir. Azərbaycan yavaş-yavaş o mərhələyə gəlir ki, inkişaf etmiş ölkələr artıq özəri bizim məhsulları sifariş edir. Bu yaxınlarda Türkiyədə çayımız da çox gözəl tanındı. Sözüm ondadır ki, bu proseslərdə hər hansı siyasi səbəb yoxdur.
 
- Azərbaycana məxsus olan "Made in Azərbaycan” brendli məhsulların çeşidini artırmaq üçün nə kimi tədbirlər görülməlidir?

- Əsas çeşid artırmaq deyil məncə. Hədəf keyfiyyəti yüksəltmək olmalıdır. Dünya bazarlarında bir keyfiyyətli malımız digərlərinə qapı aça bilər. Bütün ölkələr və istehsalçılar bu mexanizmi keçiblər. 
 
- Uzun zaman sahibkar kimi fəaliyyət göstərmisiniz. Bir zaman rəhbər olduğunuz "Kontakt Home” şirkətini yaratmaq fikri necə yarandı?
 
-Bu illərin işidir. "Konktakt Home” bir brend adıdır. Şirkət 1999-cu ildə 3 ortaq olmaqla 11 nəfər işçi ilə yaranıb. Bildiyiniz kimi, deputat fəaliyyətimlə əlaqədar olaraq 2020-ci ilin əvvəlindən şirkətdən ayrılmışam. Yarananda "Siemens”, "Panasonic”, "Sony Ericsson” brendlərinin Azərbaycana idxalı və ixracı ilə məşğul olurduq.  2009-cu il qərara gəldik  parakəndə satışla da məşğul olaq.Məndə olan məlumata görə indi şirkətin 2790 işçisi və 31 mağazası var. Orta əmək haqqı 800 manat təşkil edir. Şirkət yarananda insanların sosial həyatını asanlaşdıracaq layihələr barədə  düşünürdük. Buna görə bankdan böyük məbləğdə pul da götürmüşdük. İlk dəfə biz vətəndaşlarımıza  ev əşyalarını  kreditlə almaq və  aldığının dəyərini  hissə-hissə ödəmək imkanı verdik.  Pandemiya digər şirkətlərdə problemlər yaratdığı kimi  çox güman ki, problemlər bu şirkətdən də yan keçməyib. Problemsiz həyat yoxdur.
 
- Millət vəkili seçildikdən sonra biznesi kiməsə ötürdünüzmü? 
 
- Millət vəkili seçildikdən sonra rəsmi qaydada baş direktor vəzifəsindən ərizəmi yazaraq çıxdım.  Hazırda yalnız "Azərcell” şirkətinin müşahidə şurasının  sədriyəm. Təmənnasız, pulsuz, maaşsız fəaliyyət göstərirəm.  Bildiyim qədər şirkətdə yerimi  xaricdə təhsil almış cavan bir kadra tapşırıblar . Bu başdan deyim ki, onunla  heç bir qohumluq əlaqəm yoxdur. 
 
- Bu günlərdə bir zaman rəhbərlik etdiyiniz "Kontakt Home” mağazasından əşya aldım. Mənə  rəhbərlik tərəfindən məhsulu  14 gün ərzində dəyişib qaytara bilməyəcəyim  barədə göstərişin verildiyini bildirdilər.  Satıcının sözlərinə görə, "Kontakt Home" yalnız məhsul xarab olduğu  təqdirdə  dəyişdirilir. Bu isə "İstehlakçıların hüquqlarının müdafiəsi barədə qanun"a ziddir. "Kontakt Home" rəhbərliyi bu qanunla  tanışdırmı? "Kontakt Home”u indiyə kimi istehlakçıların hüquqlarını  pozduğu üçün cərimələyiblərmi? 

- Elə deyiblərsə kobud səhvə yol veriblər.  Belə şey ola bilməz. Vətəndaş 14 gün ərzində istədiyi məhsulu dəyişdirmək və qaytarmaq hüququna malikdir. Belə hallar olanda müştərilər prosesdən yan keçməməlidir. Əksinə şikayətini yaxınlaşıb ifadə etməlidir. O ki, qaldı fəaliyyətim dövrümdə cəriməyə, bəli, 2 dəfə belə hal yaşanıb. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Komitəsi bizi iki dəfə cərimə edib. Bu normal prosesdir. Şirkətin bu qədər işçisi var. Hər hansı bir işçinin səhvi şirkətin səhvi deməkdir. Odur ki, belə halların baş verməsi gözləniləndir. 
 
- Sahibkarların çoxu onlara edilən güzəştli kreditlərdən bəhrələnə bilmədiklərini deyir. Həm də bir  sahibkar kimi sahibkarlara dövlət qayğısından razısınızmı?

- 2019-cu ilə qədər sahibkar kimi fəaliyyət göstərdiyim zaman belə yanaşmanı görmüşəm. Məmur problemi hər yerdə var. Digər tərəfdən, dövlət pul ayırır və haqqlı olaraq lazım olan sənədləri tələb edir. Mən dediyiniz kimi, sahibkarların çoxu deyimi ilə razılaşa bilmərəm. Təbii ki, bəhrələnə bilməyənlər olur. Müxtəlif səbəblər olar bilər. Bürokratiya, məmur amili, hətta sahibkarın özünün fəaliyyətini düzgün qurmaması da problemlərdən biridir. O ki qaldı sahibkarlara dövlət qayğısına. Pandemiyanın yaratdığı çətinliklərin məhdudlaşdırılması məqsədilə 2020-ci il ərzində iqtisadi artıma, məşğulluğa və sahibkarlara dövlət dəstəyi tədbirlərinin mexanizmləri çərçivəsində vergiödəyicilərinə 4 mərhələdə maliyyə dəstəyi edilib. Ümumilikdə 133.157 vergi ödəyicisinə, yəni sahibkara maliyyə yardımı ayrılıb  ki, onlar da bu yardım hesabına işçilərinin əmək haqqılarını ödəyiblər. Söhbət 600 min nəfərdən və yaxud 600 min ailədən gedir.  Bu fakt razılıq doğurmaya bilər? Mən əcnəbi həmkarlarımızla görüşlərimdə bu faktı qeyd edəndə onların çoxu  təəccüblənir. Belə hallar hətta bir çox qabaqcıl ölkələrdə yoxdur. 

- İşğaldan azad olunan ərazilərdə sahibkarların fəaliyyətini stimullaşdırmaq üçün hökumət nə etməlidir? 

- İşğaldan azad olunmuş ərazilərdə investisiya qoyan bütün iş adamlarına şərait yaradılacaq. Bu formatda işlər göz qabağındadır. Məlumat üçün deyim ki, "Qarabağ Dirçəliş Fondu” yaradılıb, kim müraciət edirsə, onlara siyahı təqdim olunur. Həmin siyahıda sahibkar görmək istədiyi işi seçir. Bundan əlavə də tendərlər elan olunur. Bu qaydada sahibkarlar azad olunmuş ərazilərdə istədiyi işi rahat qura biləcək. 
 
- Azərbaycanda media və sahibkar münasibətlərini necə dəyərləndirirsiz? Nə üçün ölkənin reklam bazarı bu qədər kasıbdır?Dövlət bu münasibətlərin tənzimlənməsində nə kimi addımlar atmalıdır?


- Mediamız çox aktivdir, demokratikdir, açıqdır. İstədiyi vaxt istədiyi mövzu haqqında nə istəsə yazır. Heç bir məhduiyyət də yoxdur. Keçmişdə olan təcrübəmə əsasən  deyə bilərəm ki, nahaq, böhtan birtərəfli araşdırmadan qərar vermək olmaz. Etik qaydalardan kənardır. Bizim ən böyük problemimiz budur. Buna görə də sahibkar media adamı görən kimi aralı durur ki, bu dəqiqə məndən yazacaq. Bu abu-havanı dəyişdirmək lazımdır. Mütəmadı sahibkarla danışmaq lazımdır. Görüşlər keçirmək lazımdır. 

İqtisadiyyat Nazirliyi media qurumlarının iddialarını, problemlərini eşidib şirkətlərə yönləndirə bilər. Bir sözlə formatı dəyişdirmək lazımdır. Bu gün dəhşətli dərəcədə pis düşüncə var ki, media şirkətlərə zərər vurur. Sahibkar bunu beyninə salıb. O qədər yanlış xəbərlər gedib ki, artıq  səviyyəli, özünə hörmət edən media qurumuna münasibətdə də ehtiyat edilir. Balanslaşma düzgün olmalıdır.  

- Seçicilərinizə verdiyiniz vədlərdən  hansını yerinə yetirə bilməmisiz?

- Böyük bir istəyim var idi ki, məktəbəqədər uşaqlar üçün şahmat dərslərinin bərpası üçün nəsə edim. Buna görə sosial tərəfdaşlarla hazırlıqlara başlamışıq. Daha sonra deputat olduğum "Sovetski" adlanan ərazidəki parkda idman alətlərinin quraşdırılması üçün mərhum İdman və gənclər naziri ilə Azad Rəhimovla görüşmüşdük. Sadəcə pandemiya səbəbindən bu istəklərimizi yerinə yetirə bilmədik. Amma bu planlarımız hələ də aktualdır. 
 
Narahat olduğum bir məsələ də "Sovetski"də hələ də çətin  vəziyyətdə yaşayan sakinlərimizin olmasıdır. Düzdür, mən onlara eviniz söküləcək, yerində yeni evlər tikiləcək deyə bir söz deməmişəm. Nəzərə alsaq ki, Qarabağımız qayıdıb, dövlət vəsaiti əsasən torpaqlarımızın bərpasına ayrılır, iş adamlarının işi pandemiyaya görə məhdudlaşıb, bu kimi səbəblər prosesi gecikdirir. Amma çox ümid edirəm bu problemlər hamısı həll olunacaq. Mən hələ cəmi 1 ildir deputat fəaliyyəti ilə məşğulam, qarşıda 4 il var. Güman edirəm ki, bu müddət ərzində seçicilərin bir çox problemlərinin həllinə kömək edə biləcəm.
 
Mən seçki kampaniyası ərzində heç bir vəd verməmişəm. Sadəcə hamıya bacardığım köməyi edəcəyimi demişəm. Bu 1 il ərzində iş əsnasında müxtəlif layihələrimiz ərsəyə  gəlib, onları həyata keçirməkdə davam edirik. Bu  alınır  ya yox, təbii ki, seçicilər qiymətləndirməlidirlər. Fikrimcə, əsas uğurumuz  seçicilərimizlə işlək ünsiyyət mexanizminə nail olmaqdır. Seçicilərim mənimlə əlaqə yaratmaqda çətinlik çəkməməlidirlər. Əsas şuar məncə bu olmalıdır. Seçici özü də təşəbbüskar olmalı, sosial məsuliyyət hiss etməlidir. Bizdə belə hallar çoxdur. Seçicilər problem qaldırırlar, mənə müraciət edirlər, biz icra strukturları ilə birlikdə həllinə nail oluruq. Qarşılıqlı etimadın önəmi çox böyükdür.
 
(Anews.az)
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR