No Image
No Image

"Peyvəndlərin tətbiqi yoluxucu xəstəliklərdən qorunmanın ən effektiv yoludur" - Soltan Məmmədov

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Soltan Məmmədov müsahibə verib:

Sfera.az həmin müsahibəni təqdim edir:

- Son günlər koronavirusa yoluxma sayında müşahidə olunan artım hamını narahat edir. Bunun səbəbləri nədir?

- Səbəblər müxtəlifdir. İlk növbədə, bu, virusun özünün xarakteri ilə bağlıdır. Çünki COVİD-19 çox sürətlə mutasiyaya uğrayan virusdur, şəraitə uyğunlaşaraq, zaman keçdikcə özünü daha aqressiv aparır. Eyni zamanda, mövsüm dəyişikliyi respirator xəstəlikləri üçün çox əlverişli şərait yaradır. Fikrimcə, bu iki amil xəstəliyin sürətlə yayılmasını şərtləndirən əsas detallardır. Bundan başqa, karantin rejiminin yumşaldılması da öz təsirini göstərir. Əlbəttə ki, insanların uzun müddət qapalı şəraitdə yaşaması çox ciddi psixoloji diskomfort yaradıb. Karantin rejiminin yumşaldılmasından, bəzi məhdudiyyətlərin dayandırılmasından sonra sosial fəallığın olması anlaşılandır. Təbii olaraq, insanlar arasında təmas artıb, bir sıra iaşə obyektlərinin fəaliyyətə başlaması yoluxma hallarının artmasında rol oynayır. COVİD-19 pandemiyasının yayılmasından sonra tətbiq olunan karantin rejimi əslində məcburən atılan addım idi. Qoruyucu vasitələrdən istifadə, şəxsi gigiyena qaydalarına riayət olunması ilə bağlı xeyli maarifləndirmə və təbliğat işləri aparıldı. Qanunvericilikdə bəzi cəzalar sərtləşdirildi. Bütün bunlar virusun daha böyük zərər vurmasının qarşısını aldı. Ancaq nə qədər ki, kollektiv immunitet formalaşmayıb, biz bu virusdan tam şəkildə xilas olduğumuzu söyləyə bilmərik.

- Yoluxma sayının azalması üçün hansı addımlar atılmalıdır?

- Əslində, ötən dövrün təcrübəsi göstərir ki, müəyyən qayda və təlimatlara riayət olunması yoluxmanın miqyasının azaldılması üçün effektiv yoldur. Bu, bayaq qeyd etdiyim kimi, insanlar arasında təmasların mümkün qədər minimuma endirilməsi, fiziki məsafənin saxlanılması, tibbi qoruyucu vasitələrdən qaydalara uyğun istifadə, şəxsi gigiyenaya xüsusi həssaslıqla yanaşmaqdır. Pandemiyanın davam etdiyi müddətdə bütün bunlar bizim həyat tərzimizə çevrilməlidir. Bu, müəyyən narahatlıq, insanlarda bəzi hallarda stress yaradır, psixoloji gərginliyə səbəb olur. Lakin başqa çıxış yolu yoxdur. Kollektiv immunitetin formalaşması üçün vaksinlərin tətbiqi ən qısa və effektiv vasitədir. Azərbaycan bu prosesə ilk başlayan ölkələrin sırasındadır. Hesab edirəm ki, dövlət tərəfindən görülən tədbirlər, peyvəndləmə prosesinin kifayət qədər effektiv təşkil olunması sayəsində biz ciddi nəticələr əldə edə biləcəyik. Artıq ölkəmizdə 400 mindən çox insan peyvənd olunub. Bu say hər gün dəyişir. Çox vacib məqamlardan biri bundan ibarətdir ki, Azərbaycanda peyvənd olunanların sayı bir il ərzində yoluxanların sayına dair rəsmi statistikadakı göstəricidən çoxdur. Bu ona görə vacib göstəricidir ki, yaxın vaxtda bu qədər insan ya bu virusa ümumiyyətlə yoluxmayacaq, ya da yoluxsa belə, yüngül keçirə biləcək. Peyvənd olunanların sayının artması isə bizim nikbinliyimizi gücləndirən əsas amillərdən biridir. Buna baxmayaraq, kollektiv immunitet yaranana kimi məhdudlaşdırıcı tədbirlər, tibbi qoruyucu vasitələrdən istifadə, fiziki məsafənin qorunması aktual olacaq.

- Məhdudlaşma tədbirlərinə gedilməsinə ehtiyac varmı?

- Bu suala daha doğru cavabı müvafiq qurumlar verə bilər, çünki bu, tamamilə onların səlahiyyətinə aid məsələdir. Lakin bir vacib məsələni xüsusi olaraq vurğulamaq istərdim ki, məhdudiyyətlərin tətbiqi heç bir halda dövlətin marağında deyil və ola da bilməz. Bu, iqtisadiyyata külli miqdarda zərər vuran, eyni zamanda dövlət aparatının effektiv fəaliyyətinə mənfi təsir göstərən, büdcəyə gözlənilməz xərclər gətirən addımdır. Yəni, xüsusi zərurət yaranmadıqca məhdudiyyətlərin tətbiqi ilə bağlı qərar qəbul olunmur.

- Cəmiyyəti narahat edən məqamlardan biri də vaksinasiya prosesinin başlamasına baxmayaraq, yoluxma sayında artım olmasıdır. Vaksinasiya nəticə vermirmi?

- Peyvəndlərin tətbiqi elə prosesdir ki, çox qısa vaxtda böyük fərq yaratmasını gözləmək doğru olmazdı. Əvvəla, onu nəzərə almaq lazımdır ki, kollektiv immunitetin yaranması üçün əhalinin ən azı 60-70 faizində immunitet formalaşmalıdır. Digər tərəfdən, bildiyiniz kimi, bu gün vaksinlə bağlı dünyada çox ciddi mübarizənin şahidi oluruq. Böyük və daha güclü dövlətlər tərəfindən atılan addımlar vaksin çatışmazlığının yaranmasına səbəb olur. Müəyyən maraqlar vaksinin ədalətli paylanmasına maneə yaradan amilləri meydana çıxarır. Cənab Prezident də bu günlərdə çıxışlarının birində qeyd etdi ki, bəzi ölkələr özlərinin ehtiyacları ilə müqayisədə bir neçə dəfə çox həcmdə vaksin alır ki, bu da peyvənd çatışmazlığına səbəb ola bilər. Bu cür mürəkkəb bir şəraitdə peyvəndlərin ölkəyə gətirilməsi o qədər də sadə və asan başa gəlmir. Digər tərəfdən, təəssüf ki, bəzi hallarda peyvəndlərin effektivliyinə, zəruriliyinə şübhə yaratmağı hədəfləyən addımlar atılır, şayiələr yayılır ki, bu da insanların düşüncəsinə, yanaşmasına istər-istəməz təsir göstərir. Lakin hər kəs bir mühüm detalı unutmamalıdır ki, pandemiyadan xilas olmağın yeganə yolu tibdir. Yəni, bu mövzu bu gün dünya səhiyyəsinin bir nömrəli problemidir, bütün yüksək səviyyəli səhiyyə institutları, tədqiqat müəssisələri, təcrübəli mütəxəssislərin diqqəti məhz COVİD-19 virusuna cəlb olunub. Ona görə də şayiələrə, subyektiv mülahizələrə yox, peşəkar mütəxəssislərə və elmin gücünə inanmaq lazımdır. Mən bu məsələni bir neçə dəfə qeyd etmişəm, bir daha vurğulamaq istərdim ki, Azərbaycanda vaxtilə müxtəlif yoluxucu xəstəliklər, o cümlədən  qızılca, parotit, məxmərək, difteriya, polimelit və s. əhali arasında çoxsaylı ölümlərə səbəb olurdu. Ancaq peyvəndlərin tətbiqi, təqvimə uyğun vaxtında aparılması nəticəsində indi Azərbaycan polimelitdən azad ölkələr sırasına daxildir. Ölkəmizdə difteriya, məxmərək, parotit, qızılca xəstəlikləri demək olar ki, qeydə alınmır. Bu bir daha onu təsdiq edir ki, peyvəndlərin tətbiqi yoluxucu xəstəliklərdən qorunmanın ən effektiv yoludur. Düşünürəm ki, dövlətimizin atdığı addımlar, gördüyü tədbirlər nəticəsində biz bu sınaqdan da uğurla çıxa biləcəyik. Lakin vətəndaşlarımızın da məsələyə tam ciddi, məsuliyyətlə, diqqətlə yanaşması, həmrəylik nümayiş etdirməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Mənim fikrimcə, Azərbaycan vətəndaşları xəstəliyin nə qədər təhlükəli olduğunun, tətbiq olunan məhdudiyyətlərin məcburiyyətdən irəli gəldiyinin fərqindədir. Bu baxımdan, hesab edirəm ki, biz birlik və həmrəylik nümayiş etdirərək, COVİD-19 virusundan xilas ola biləcəyik.
 
(APA)

 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Fulya Öztürkdən ETİRAF: “Dayım azərbaycanlı olduğumuzu deyir” – VİDEO MÜSAHİBƏ

44 günlük Vətən müharibəsi dövründə dünyada Azərbaycan xalqının haqq səsi olan, türkiyəli jurnalist Fulya Öztürkün göstərdiyi şücaət ona bir ömür Azərbaycan xal...

“Bunun reallaşması üçün Ermənistan özünü konstruktiv aparmalıdır” - Açıqlama

"Humanitar müstəvidə vasitəçi olmadan, ikitərəfli ünsiyyət formasında növbəti addımların atılması üçün platforma mövcuddur. Amma bunun üçün İrəvan özünü konst...

Füzuli hava limanı Türkiyə ordusunun istifadəsinə verilir? - Açıqlama

"Genişmiqyaslı müqavilənin Şuşada imzalanmasının xüsusi əhəmiyyəti var və böyük ehtimalla Türkiyənin Azərbaycanda – Qarabağda hərbi mövcudluğu rəsmiləşə bilər...

“Qarabağda işlək yollar kamera nəzarəti altında olmalıdır” – Mina təhlükəsindən necə qorunmalı?

Bu gün ikisi media əməkdaşı olmaqla 3 vətəndaşımız Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar. Hadisə nəticəsində ...

Məmur problemi hər yerdə var - Millət vəkili ilə müsahibə

Dünyada hələ də davam edən COVİD- 19 pandemiyası dünya iqtisadiyyatına zərbə vurmaqda davam edir. İqtisadiyyata dəyən ziyan Azərbaycandan da yan keçməyib. Bu pr...

Ermənistan hakimiyyəti öz əkdiklərinin acı bəhrəsini dadmaqdadır...

Millət vəkili Ülvi Quliyev Modern.az-ın suallarını cavablandırıb: - Yayılan rəsmi məlumata görə, mayın 27-də Ermənistan silahlı qüvvələrinin iki qrupdan i...