No Image
No Image

"Azarkeşlərlə tam razıyam, haqq qazandırıram" - Ramil Şeydayev

Ramil Şeydayevlə söhbətimiz indi yox, bir neçə ay əvvəl baş tutmalıydı. Lakin hər dəfə ortaya müxtəlif əngəllər çıxır, sual-cavabın vaxtı yubanırdı. Daha doğrusu, özü nədənsə danışmaq istəmirdi.

Bu dəfə də araya yığmanın oyunları girdi və söhbətimizin vaxtı bir az da uzandı. Nəhayət dünən Ramilə ünvanladığım suallara cavab tapa bildim. Xüsusən də "Sabah”da özünü göstərə bilməməsinin səbəbini açıq şəkildə dilinə gətirməsi "Şeydayevə nə olub” sualının cavabı oldu. Odur ki, millinin "11 nömrə"sinin offsideplus.az-a verdiyi müsahibəni təqdim edirik.

- Yığmanın son oyunları ilə bağlı fikirlərin maraqlıdır. Azarkeşlər, futbol ictimaiyyəti millinin sərgilədiyi oyun və nəticədən narazılı qaldı.

- Meydana çıxdığımız oyunları məğlub başa vurmuşuqsa, azarkeşlərin bizdən narazı qalması anlaşılandır. Azarkeş futbola komandasını məğlub görmək üçün baxmır. Özümüzü təmizə çıxarmaq üçün heç nə deyə bilmərəm. İradları və narazılıqlarında haqlıdırlar. Mübarizə yeni başlayıb, qarşıda bizi 8 oyun gözləyir. Daha yaxşı oynamaq və maksimum xal toplamaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik.

- Canni de Byazini Robert Prosineçki ilə Nikola Yurçeviçdən fərqləndirən cəhətlər nədir? İtalyan mütəxəssisin rəhbərliyi altında yaxşı mənada nəyəsə nail ola biləcəksiniz?

- Məşqçiləri müqayisə etməyəcəyəm. Həm mənim işim deyil, həm də bunu etik cəhətdən doğru saymıram. Hər məşqçinin öz üslubu, öz xarakteri, işə öz yanaşması var. Bircə onu deyə bilərəm ki, hazırkı baş məşqçinin rəhbərliyi altında uğurlu nəticələrə imza atacağımıza hədsiz inamım var.

- Özün haqqında nə deyə bilərsən? İşlərin necə gedir?

- Hər şey qaydasındadır. Məşqlərimi edir, oyunlara hazırlaşıram. Şükürlər olsun, heç bir problemim yoxdur.

- Əvvəlki Ramili görmürük. Sanki bilmədiyimiz nələrsə baş verir. Şəxsi həyatında problem yoxdur ki?

- Dediyim kimi, hansısa problemdən söhbət gedə bilməz. Bu barədə çox danışmaq istəmirəm, qısa deyəcəm: baş məşqçi ilə problemlərim var idi, artıq hər şey qaydasındadır (sabiq sabiq çalışdırıcısı Visente Qomesi nəzərdə tutur – red.).

- Baş məşqçi ilə problemlərin mövcudluğu hiss olunurdu əslində. Başqa bir məqam da var, qol fürsətlərini boşa verməyin. Bunu nə ilə əlaqələndirə bilərsən?

- Hər bir futbolçu kimi mən də qol vurmaq üçün meydanda canımı qoyuram. Sadəcə, bəzən alınır, bəzən yox. Bir də ki, psixoloji durum qaydasında olmayanda istər-istəməz oyuna öz təsirini göstərir.

- "Qəbələ”yə vurduğun qolu növbəti matçlar üçün uğur siqnalı hesab etmək olar?

- Əvvəki görüşlərdə də qol vurmaq üçün əlimdən gələni edirdim. Bundan sonra da belə olacaq. Hücumçuyamsa, işim məhsuldarlıq baxımından komandama fayda verməkdir. Məşqlərdə artıqlaması ilə çalışıram ki, "Sabah”da qolları sıralayım, qol ötürmələri verim.

- Futbol ictimaiyyətinin, azarkeşlərin fikrincə, sənin yerin Azərbaycan Premyer Liqası yox, Avropadır. Özün bu barədə nə düşünürsən?

- Onlarla tam razıyam, haqq qazandırıram. Amma bu dəqiqə nəsə istəməklə iş bitmir. "Sabah”dayamsa, öncə burda geyindiyim formanın haqqını verməliyəm. Gələcəkdə məqsədim yenidən Avropaya yollanmaqdır.

- Sənin əsl azərbaycanlı, vətəni, yığmanı sevən futbolçulardansan. Elə isə Aleksey İsayevin "instagram”dakı məlum paylaşımı ilə bağlı fikrini eşitmək xoş olardı.

- Bu barədə çox danışıldı. Hətta baş məşqçi də açıqlama vermişdi. Ona görə də əlavə olaraq mənim fikir bildirməyimə gərək yoxdur. Hər bir insanın həyatında bu və ya buna bənzər səhvlər olur. Önəmlisi səhvlərdən nəticə çıxarmaqdır ki, Aleksey də bunu anladı.

- Ölkə kubokundakı mübarizəni erkən dayandıran "Sabah”ın Premyer Liqanın trunir cədvəlindəki mövqeyi də ürəkaçan deyil. Səncə, Avroliqaya vəsiqə qazanmaq mümkün olacaq?

- Vəziyyət hər nə qədər çətin olsa da, şansımız yox deyil. Qarşıda 7 oyun var və bu matçlarda əldə olunacaq nəticələr ciddi dəyişikliklərə yol aça bilər. Şansımız var və sona qədər mübarizə aparacağıq.

- Amansız çempionluq mübarizəsi ilə bağlı proqnozun necədir? "Neftçi”, yoxsa "Qarabağ”?

- Cari mövsümdə "Neftçi” çox xoşuma gəlir. Oyun, oyun intizamı, istək, motivasiya – hər şey yüksək səviyyədədir. Lakin təcrübə və özünəinam "Qarabağ”da daha çoxdur. Bu cür mübarizələrdə isə təcrübə öz sözünü deyir. Fikrimcə, mövsümü "Qarabağ” hamıdan önda bitirəcək.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Belələri Vətən sevgisi ilə hakimiyyət arzularının yerini hər zaman qarışıq salacaq"

"Ermənistan bütün bunlardan yayınır, dünyanı münaqişənin bitmədiyinə inandırmaq üçün atəşkəsi məqsədli şəkildə pozur. Özü bir yana, Bəyanatların yeganə qarant...

Mahir Qurbanov Honduras mətbuatına müsahibə verdi - VİDEO

"Dünya xalqlarının iki yüzillik Konqresi Azərbaycanı və ispan dilli xalqlarını daha da yaxınlaşdırır". Sfera.az xəbər verir ki, bunu Qafqaz-İberoamer...

“Bu gün hansı azərbaycanlı 800-1000 manata kirayədə qala bilər?” – Tələbələrin gəlişi ilə qiymətlər daha da qalxacaq...

Bu gün paytaxtda kifayət qədər kirayə mənzillər var, ancaq pandemiyanın təsirsiz ötüşmədiyi sahələrdən biri də məhz kirayə ev bazarı oldu. Evlərin alqı-satqısı ...

Fərhad Məmmədov Olimpiya Oyunlarındakı uğursuzluğun səbəblərindən danışdı: “Püşkatma...” - MÜSAHİBƏ

Bu gün daha bir cüdoçumuz Murad Fətiyev Tokioda keçirilən XXXII Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb. Daha əvvəl, yarışa qatılan cüdoçularımızdan Aişə...

Mahir Qurbanov Kosta-Rika mediasına müsahibə verib

Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin rəhbəri Mahir Qurbanov Kosta-Rikanın tanınmış  "La Voz de Goicoechea” xəbər portalına müsahibə verib. Sfera...

"Prezidentin bu Fərmanı Ermənistan üçün məcburi xarakterli “müalicə” tədbiridir..."

Sfera.az Milli Məclisin deputatı Ülvi Quliyevin Moderator.az-a müsahibəsini təqdim edir.   - Son vaxtlar Ermənistan  müxtəlif istiqamətlərdə atəşkəs...